Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun İslami Analizə istinadən verdiyi məlumata görə, Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, ölkədə İsrail vətəndaşları aşkar edilərsə, onlar dərhal deportasiya olunacaqlar. Çünki Malayziya İsrail rejimini rəsmən tanımır.
Yerli Malay Mail qəzetinin məlumatına görə, Ənvər İbrahim Malayziyada İsrail vətəndaşlarının müəyyən edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək deyib ki, ölkənin bütün təhlükəsizlik qurumları bu iddialarla bağlı hərtərəfli araşdırmalara başlayıblar.
O bildirib: Hazırda bu məsələ araşdırılır və belə bir vəziyyətin davam etməsinə imkan verməyəcəyik. Əgər ölkədə İsrail vətəndaşları mövcud olarsa, İsraili tanımadığımız üçün onlar dərhal deportasiya ediləcəklər.
Malayziyanın Baş nazirinin bu açıqlamaları, bəzi İsrail vətəndaşlarının ikili vətəndaşlığa malik şəxsiyyət sənədlərindən istifadə edərək Cohor ştatında müəyyən edildiklərini iddia edən xəbərlərin yayılmasından sonra səsləndirilib.
Malayziya ilə İsrail arasında heç bir rəsmi diplomatik münasibət mövcud deyil. Malayziya qanunvericiliyinə əsasən, İsrail pasportu daşıyan şəxslər bu ölkənin Daxili İşlər Nazirliyinin yazılı icazəsi olmadan Malayziyaya daxil ola bilməzlər. Həmçinin Malayziya vətəndaşlarının da İsrailə səfər etməsinə icazə verilmir və onların pasportlarında «Bu pasport İsrail istisna olmaqla dünyanın bütün ölkələrində etibarlıdır» ifadəsi qeyd olunub.
Rəyiniz